"Milan" bosslarının baş məsləhətçisi qismində fəaliyyət göstərən Zlatan İbrahimoviçin "qırmızı-qaralar"ın çalışdırıcısı Stefano Piolinin hansı mütəxəssislə əvəzlənməsini istədiyi bəlli olub.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, İbrahimoviç baş məşqçi postunun Antonio Konteyə tapşırılmasının tərəfdarıdır.
Xəbərə görə, Zlatanın təklifinə rəğmən, İtaliya nəhənginin idarəçiləri "Bolonya"nın çalışdırıcısı Tyaqo Mottanın yeni layihəyə daha çox uyğun gəldiyini düşünürlər. Mənbə rəhbərliyin Pioli ilə cari mövsümün sonunda vidalaşmağı planlaşdırdığını da vurğulayıb.
Hazırda 52 xalı olan "Milan" A Seriyasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub.
Pioli 2019-cu ilin oktyabrından indiki postundadır. "Qırmızı-qaralar" onun rəhbərliyi altında 2021/2022 mövsümündə İtaliya çempionluğunu bayram ediblər.