"Milan"ın və Portuqaliya millisinin hücumçusu Rafael Leau karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “O Jogo” məlumat yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı ulduz futbolçunun xidmətində bu mövsüm Səudiyyə Ərəbistanı çempionu olan “Əl-Hilal” maraqlıdır.
Ər-Riyad klubu Leaunun müqaviləsində nəzərdə tutulan 175 milyon avroluq təzminatı "Milan"a ödəmək fikrində deyil, lakin portuqaliyalı üçün "rossonerilər"ə 100 milyondan bir qədər çox təklif etməyə hazırdır. İlk rəsmi təklifin bu həftəsonu "Milan" tərəfinə göndəriləcəyi gözlənilir.
Leaunun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, bütün turnirlərdə 46 matça çıxaraq 14 qol vurub və 14 məhsuldar ötürmə edib.