"Bayern Münhen"in və İngiltərə millisinin forvardı Harri Keynin sabiq komandası "Tottenhem"lə mövsümöncəsi hazırlıq turnirindəki davranışı trendə çevrilib.
Fanat.Az xəbər verir ki, Londonda baş tutan beynəlxalq turnirin həlledici oyununda almanlar ingilisləri 3:2 hesabı ilə üstələyib.
Münhen nəhəngini "Hotspur Stadium"-da meydana kapitan kimi çıxaran Keyn "Visit Malta" adlanan kuboku başı üzərinə qaldırmalı olsa da, o, bundan imtina edib. Ulduz forvard keçmiş klubunun azarkeşləri qarşısında kuboku qaldırmaqdan boyun qaçıraraq sarğını komanda yoldaşlarına ötürüb. Keçmiş komandasına hörmət əlaməti olaraq bu addımı atan Keynin "Tottenhem"də oynadığı müddətdə heç bir kubok qazana bilməməsini vurğulayaq.
Qeyd edək ki, "Bayern"ə ötən ilin yayında "Tottenhem"dən transfer olunan Keyn Almaniya nəhəngindəki debüt mövsümündə bütün turnirlərdə 45 matç keçirib. Bu qarşılaşmalarda 44 qola imza atan ön xətt oyunçusu 12 məhsuldar ötürmə ilə də yadda qalıb.
Mirağa