"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo La Liqanın 5-ci turunda "Jirona"ya qarşı keçirdikləri səfər matçında zədələnib.
Fanat.Az-ın AS nəşrinə istinadən məlumatına görə, komandasının 4:1 hesablı qələbəsinə 1 qolla töhfə verən milli üzvü 61-ci dəqiqədə bud nahiyəsindən xəsarət alaraq meydanı tərk etmək məcburiyyətində qalıb.
İlkin müayinələrə əsasən, 26 yaşlı futbolçu təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, Olmo "Barselona"nın UEFA Çempionlar Liqasında "Monako"ya və İspaniya çempionatında "Vilyarreal"a qarşı oyunlarını buraxacaq.
Qeyd edək ki, Olmo "Barselona"ya ötən ay "Leyptsiq"dən transfer olunub. Orta xətt oyunçusu kataloniyalıların heyətində meydana çıxdığı 3 oyunda 3 qol vurub. Dani İspaniya seçməsinin Millətlər Liqasının 1-ci turunda Serbiyaya qarşı keçirdiyi dueldə xəsarət almış, bu səbəbdən 2-ci turda İsveçrəyə qarşı oynaya bilməmişdi.