İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Qari Nevill Premyer Liqanın 4-cü turunda səfərdə "Tottenhem"i məğlub edən (1:0) "Arsenal"dan danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Onların iki əsas oyunçusu - Deklan Rays və Martin Edeqor meydanda deyildi. Amma "Arsenal"ın çox yaxşı müdafiə "4-lüy"ü var idi. "Tottenhem" "arxa cəbhə"ni yara bilmədi. Qonaqlar təcrübəli, təmkinli görünürdülər. Bir neçə titiul qazanmış kollektiv kimi oynayırdılar. Düzdür, Mikel Arteta hələ "Arsenal"la titul qazana bilməyib, amma bu, həqiqətən yaxşı oyun idi.
Son 10-12 ildə "Arsenal"ı ruhsuz, sadəlöhv, asan qollar buraxan komanda olduğu üçün o qədər tənqid etmişik ki... İndi əksini görürük. Bu "Arsenal" xoşuma gəlir. Doğrudan yaxşı komandadı, oyun səviyyəsi xoşagələndir. İndi neqativ nəsə demək fikrində deyiləm. Heç "Tottenhem"i də sərt tənqid atəşinə tutmaq niyyətim yoxdur, çünki "Arsenal"ı sarsıtmaq asan missiya deyildi".
Nihat