"İnter"lə derbi ərəfəsində "Milan"ın düşərgəsində atmosfer ürəkaçan deyil.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" İtaliya nəhəngində münaqişə yaşandığını yayıb.
Mənbənin məlumatına görə, baş məşqçi Paulo Fonseka ilə klubun sahibinin müşaviri Zlatan İbrahimoviç arasında gərginlik hökm sürür. Tərəflər arasında iki insident baş verib. Bunlardan biri Yusuf Fofananın transferindən sonra yaşanıb. 51 yaşlı çalışdırıcı bununla da onlar üçün transfer çalışmalarının bitdiyini söyləyib. İbrahimoviç onu təkzib edərək transfer pəncərəsinin nə vaxt bağlanacağına özünün qərar verəcəyini deyib.
İkinci insident isə "Torino" ilə açılış oyunu (2:2) ərəfəsində yaşanıb. İsveçli futbolçuları klubun klub bazasına toplayıb və onlarla məşqçisiz iclas keçirib. Fonsekanın bundan xoşunun gəlməsə də, eyni hal Çempionlar Liqasında "Liverpul"la oyundan (1:3) əvvəl təkrarlanıb. O, yenidən futbolçuları yığaraq onlardan Fonseka ilə münasibətlərinin necə olduğunu soruşub.
Paulo Fonsekanın A Seriyasının 5-ci turunda "İnter"ə uduzacağı təqdirdə istefaya göndəriləcəyi vurğulanır. Qeyd edək ki, qarşılaşma sentyabrın 22-də baş tutacaq.
Mirağa