Oktyabrın 10-dan 11-nə keçən gecə Argentina millisi Venesuelaya qarşı 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfər matçına çıxmalıdır.
Fanat.Az "Euro-football"-a istinadən xəbər verir ki, "albiselest"in oyuna getməməsi ehtimalı var.
Argentinalılar hazırda Floridada (ABŞ) Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubunun bazasında hazırlıq keçirlər. Komandanın Venesuelaya səfər planına Milton qasırğası təsir göstərə bilər. Argentina millisinin baş məşqçisi Lionel Skalioni oyunöncəsi mətbuat konfransında bu barədə belə deyib:
“Təhlükəsizlik məsələsi həssasdır. Oyun vacibdir, lakin təhlükəsizlik daha vacibdir. Bəli, uça bilməyəcəyimizdən narahatıq. Əmin deyilik, ona görə də narahatlıq var. Logistika baxımından bizim üçün çətin olacaq. ABŞ-dan Venesuelaya birbaşa uçuşlar yoxdur. Bəxtsiz durumdayıq, istənilən halda təhlükəsizlik və sağlamlıq bizim üçün prioritetdir”.
Qeyd edək ki, dünya çempionları 8 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.
Mirağa