"Milan"ın və İspaniya millisinin hücumçusu Alvaro Morata "Atletiko Madrid"dən ayrılmasından və son Avropa çempionatı ərəfəsində ruh düşkünlüyünə qapılmasından danışıb.
Fanat.Az xəbər verir ki, COPE onun sözlərini belə çatdırıb:
"Depressiya ilə üzləşəndə öz içindəki başqa "mən"lə mübarizə aparırsan və bu, hər gecə baş verə bilər. Məndə də belə idi. Yekunda İspaniyanı tərk etmək qərarına gəldim. Çünki vəziyyətin öhdəsindən gələ bilmirdim. Avropa çempionatının başlamasına 3 ay qalmış futbola qayıtmağı bacarıb-bacarmayacağımı bilmirdim. Nə baş verdiyini anlamağa çətinlik çəkirdim. Elə anlar olub ki, butslarımın kəndirlərini də bağlamağa çətinlik çəkmişəm".
Xatırladaq ki, "Milan"a AÇ-2024-dən sonra keçən Morata müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Cari mövsüm İtaliya nəhənginin forması ilə bütün turnirlərdə 6 matça çıxan təcrübəli hücumçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat