Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"ı qəbul edəcək "Qarabağ"ın Niderland nəhəngi ilə oyunda nə ilə yadda qalacağı böyük maraq doğurur. Tanınmış futbol mütəxəssisi, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb ilk 2 turda "Tottenhem" (0:3) və "Malmö"yə (1:2) uduzan təmsilçimizdən bu dəfə nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" ilk iki oyunda məğlub olub. "Ayaks" təbii ki, güclü rəqibdir. Amma təmsilçimiz qarşısına qoyduğu məqsədə çatmaq üçün xal və xallar qazanmağa başlamalıdır.
Azərbaycan komandasının əvvəlki iki oyunda xal qazana bilməməsi daha çox zədəlilərlə əlaqələndirilməlidir. Xüsusilə Marko Yankoviçin komandaya kömək edə bilməməsi nəticələrə təsir etdi. "Tottenhem"i demirəm, "Malmö"nü məğlub etmək olardı. Həm də komandanın üçgündənbir oyunlara çıxması ümumi yorğunluq yaratmış, dinamikanı aşağı salmışdı.
"Qarabağ"ın bu matça hazırlaşmağa daha çox vaxtı olub. Oyunun intensivliyinin yüksək olacağını düşünürəm. Çünki "Ayaks" köklü, adlı-sanlı, Çempionlar Liqasının qalibi adını qazanmış klubdur. Amsterdam təmsilçisinin heyətində istedadlı futbolçuların sayı çoxdur. Bu oyunçuları bir neçə il sonra dünyanın ən güclü liqalarında, Avropanın top klublarında görə bilərik. "Ayaks" adətən 4-3-3 düzümündən istifadə edir və hücum futbolu sərgiləyir. Bakıda da belə oynayacaqlarını təxmin edirəm. "Qarabağ"ın da sürətli cinah oyunçuları var. Mərkəz hücumçusu Juninyodan da çox şey gözləyə bilərik. Juninyo sürəti hesabına qarşı tərəfə çətin anlar yaşadacaq səviyyədə oyunçudur. Məncə, təmsilçimizin "Ayaks"la oyunda çox sayda qol imkanları olacaq. "Qarabağ"ın ön xətt oyunçularının rəqib müdafiəçilərdən yayınmağı bacaracaqlarına əminəm. Ən azı 1 xal qazanacağımıza inanıram. Hə, realizə problemi mümkündür. Lakin əvvəlki oyunlardakı problemləri bu dəfə də yaşayacağımız inandırıcı deyil".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:45-də başlayacaq.
Nihat