Ötən mövsümün sonunda "Liverpul"un baş məşqçi postundan öz istəyi ilə ayrılan Yürgen Klopp unuda bilmədiyi məğlubiyyətdən danışıb.
Fanat.Az xəbər verir ki, " Madrid Zone" alman mütəxəssisin sözlərini belə çatdırıb:
"Heç vaxt Çempionlar Liqasının 2022-ci ildə keçirilən finalında nələr yaşandığını izah edə bilmərəm. Rəqib qapıçı Tibo Kurtua od-alov içində idi. Necə oldu ki, uduzduq?! Mən heç vaxt "Real Madrid" qədər təzyiqə qarşı immuniteti olan komanda ilə rastlaşmamışam. Onlara qarşı oynamaq çox çətin idi. "Real"a qarşı tab gətirmək üçün çoxlu fərdi keyfiyyətlər və inanılmaz soyuqqanlılıq lazımdır".
Xatırladaq ki, həmin görüşdə "Liverpul" 0:1 hesabı ilə yenilib.
2015-2024-cü illər aralığında "qırmızılar"ı çalışdıran Klopp yanvarın 1-dən "Red Bull" şirkətinin futbol əməliyyatlarının qlobal rəhbəri qismində rəsmən fəaliyyətə başlayacaq.
Nihat