Almaniyalı mütəxəssis Hans-Diter Flikin rəhbəliyi altında mövsümə yaxşı başlayan, sonradan qeyri-sabit çıxışla diqqət çəkən "Barselona" beş futbolçu ilə maraqlanır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyinin əsas hədəfi "Atletik"in və İspaniya yığmasının futbolçusu Niko Uilyamsdır.
Uilyamsın transferi üçün 60 milyon avro tələb olunsa da, "blauqrana" cari mövsümün sonunda keçidi reallaşdıracağına ümidlidir.
Bundan başqa, "Barselona" Xviça Kvaratsxeliya ("Napoli", İtaliya), Rafael Leau ("Milan", İtaliya) və Markus Reşfordun ("Mançester Yunayted", İngiltərə) mümkün transferini nəzərdən keçirir. Hərçənd sözügedən ulduzların heyətə qatılması üçün də böyük məbləğdə vəsait lazımdır.
Hazırda maliyyə sıxıntısı yaşayan İspaniya nəhənginin "Çelsi"nin fransalı oyunçusu Kristofer Nkunkunu sıralarına cəlb etmək ehtimalı daha məntiqəuyğun görünür.
Qeyd edək ki, hazırda 38 xalı olan "Barselona" La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.