"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 32-ci turu çərçivəsində dünən keçirilən matçda "Empoli" üzərində qazandıqları qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sport Italia" belə çatdırıb:
"Lukaku və Maktominey xüsusi performansla diqqət çəkdilər, amma bu qələbə bütün komandanın işinin nəticəsidir. Bu, həmişə istəklərə cavab verən və indi üzərinə götürdüyü öhdəliyin bəhrəsini görməyə başlayan bir komandanın uğurudur. Gözləyirəm ki, bundan sonra da təcrübəyə və xarizmaya malik oyunçular fərq yaradacaq və çiyinlərinə düşən məsuliyyət yükünü daha yaxşı dərk edəcəklər. Romelu, eləcə də Skott sərgilədikləri oyunla mənə vacib mesajlar verdilər. Çox gözəl, bəlkə də gözlənilməz bir şey edirik. Mən bunu bir qədər ironiya ilə deyirəm, amma gərək bizə təşəkkür edəsiniz, çünki biz çempionatı canlı saxlayırıq, yoxsa yazılan yazılara cəlbedici başlıqlar tapmaq problemə çevrilərdi".
Qeyd edək ki, 32 oyundan sonra 68 xalı olan "Napoli" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.
Nihat