"Benfika"nın müdafiəçisi Alvaro Karreras karyerasının İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, onun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə Portuqaliya klubunun 22 yaşlı müdafiəçinin satışından 60 milyon avro qazanmağı hədəflədiyini, lakin "Kral klubu"nun bu məbləğin çox olduğunu düşündüyünü vurğulayıb.
Yazılanlara inansaq, "Real" sözügedən oyunçunu ötən ilin yayında 6 milyon avroya "Benfika"ya satan "Mançester Yunayted"i də prosesə cəlb etmək niyyətindədir. Belə ki, müqavilədəki xüsusi bəndə əsasən MY ispaniyalı futbolçunu 18 milyon avroya almaq hüququna malikdir. "Real" "qırmızı şeytanlar"la danışıqlara getmək, ingilislərin Alvaronu "Benfika"dan alaraq 30-35 milyon avroya onlara satmasına nail olmaq istəyindədir.
Qeyd edək ki, cari mövsüm "Benfika" forması ilə bütün turnirlərdə 47 matça çıxan Karreras 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.