Bu gün UEFA Avropa Liqasının final oyununda "Tottenhem"lə üz-üzə gələcək "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş həlledici qarşılaşma ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın kapitanının sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Futbolçular həmişə komandalarına kömək etmək üçün yaxşı formada olmalıdırlar. Bəzən özünün yaxşı səviyyədə olduğunu düşünə bilərsən, amma bu, komandanın hədəflərinə çatmasına kifayət etməyə bilər. Biz Avropa Liqasının finalına çıxmaqla hədəflərimizdən birinə çatmışıq. Çox şadam, çünki turnirdə mübarizəyə başlayandan final barədə düşünürdüm. Həmişə qarşıma çıxdığım bütün yolları sonadək getmək məqsədi qoyuram.
Bilirik ki, çempionatdakı nəticələrimiz idealdan uzaqdır. Amma bu gün Avropa turnirinin finalında qalib gəlmək şansımız var. Belə şans hər kəsə qismət olmur. Bu, unikal imkandır. Klub üçün titul qazanmaq fürsətini dəyərləndirməyə çalışacağıq. Oyun mənim üçün olduqca önəmlidir. Daha öncə finalda mübarizə aparsam da, qalib gələ bilməmişəm. Ümid edirəm ki, ikinci cəhddə alınacaq".
Nihat