
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Bavariya"ya qarşı erkən asistlə yadda qalan Xviça Kvaratsxeliya dünya futbol tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, gürcüstanlı vinger turnirin pley-off mərhələlərində ardıcıl 8 matçda birbaşa qol töhfəsi (qol və ya məhsuldar ötürmə) verən ilk futbolçu olaraq mütləq rekorda imza atıb. Münhendəki qarşılaşmanın cəmi 3-cü dəqiqəsində fərqlənən ulduz oyunçu 7 oyunluq seriyasını yeniləyərək əlçatmaz statistikaya ucalıb.
Bu möhtəşəm seriya ərzində "Pari Sen-Jermen"in hücumçusu "Liverpul", "Çelsi", "Monako" və "Bavariya" kimi nəhəng rəqiblərin qapısına yol tapmağı və ya ötürmə verməyi bacarıb. Kvaratsxeliya bu qolla turnirin həlledici mərhələlərindəki ümumi xallarının sayını 11-ə (8 qol, 3 asist) çatdıraraq fərdi performans zirvəsinə çatıb.
Kamil Xudiyev