
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşanın "Motor Lublin" klubundakı karyerası rəsmən başa çatıb.
Fanat.Az xəbər verir ki, bu ayrılıqdan daha çox, Polşa klubunun azarkeşlərinin verdiyi şok reaksiyalar və yazdıqları kəskin şərhlər diqqət çəkib.
"Motor Lublin" fanatları azərbaycanlı forvardın gedişini böyük sevinclə qarşılayıblar. Klubun rəsmi səhifəsində polşalı azarkeşlər ard-arda təhqiramiz və tənqidi şərhlər yazmağa başlayıblar.
Tərəfdarlardan biri bu ayrılığı "komandanın ilk güclənməsi" adlandıraraq futbolçunun gedişinin kluba xeyir olduğunu bildirib. Digər bir azarkeş isə rəhbərliyin futbolçuya təşəkkür etməsinə etiraz edərək "Biz ona nəyə görə təşəkkür edirik...?" sualını verib. Ona cavab yazan başqa bir fanat isə kinayə ilə "getdiyi üçün təşəkkür edirik" şərhini paylaşıb. Şərhlər arasında Renatın gedişinə "Nəhayət ki..." və "Allaha şükür, böyük xoşbəxtlikdir" yazaraq sevinənlər üstünlük təşkil edib. Hətta fanatlardan biri Renat Dadaşovu komandaya heç bir fayda verməyən və dəyər qatmayan uğursuz bir transfer adlandırıb.
Göründüyü kimi, birillik Polşa macərasından sonra Renat Dadaşov "Motor Lublin" azarkeşlərinin yaddaşında olduqca pis iz buraxıb. Hücumçunun növbəti dayanacağının harası olacağı isə hələlik böyük sual altındadır.