
İngiltərə millisinin Dünya Kubokunun 1/4 finalında Norveçi uzatma dəqiqələrində 2:1 hesabı ilə məğlub etdiyi matçdan sonra ölkədə kütləvi iğtişaşlar qeydə alınıb.
Fanat.Az xəbər verir ki, polis hesabatlarına əsasən, həftəsonu boyu futbolla bağlantılı 500-dən çox insident baş verib və 100-dən çox şəxs nəzarətə götürülüb.
Qarşılaşmanın oynanıldığı Mayamidəki nümunəvi və dostanə atmosferin əksinə, Böyük Britaniyadakı barlarda iş saatlarının uzadılması bu gərginliyi daha da alovlandırıb. İngiltərə Futbol Polis Birliyinin (UKFPU) rəhbəri Mark Roberts yerli azarkeşlərin davranışını kəskin tənqid edərək, hamını ABŞ-dakı fanatların nizam-intizamından nümunə götürməyə çağırıb.
Daxili İşlər Nazirliyi pubların uzadılmış iş qrafiki rejiminin turnirin sonunadək qüvvədə qalacağını açıqlasa da, çərşənbə günü keçiriləcək Argentina ilə yarımfinal oyunu öncəsi təhlükəsizlik həyəcanı ən üst həddə çatıb. Artıq növbəti matça ev sahibliyi edəcək Atlanta şəhərində həm yerli əhalinin, həm də gələn qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə polis departamenti tərəfindən genişmiqyaslı növbətçilik və əlavə mühafizə tədbirləri görülüb.
Kamil Xudiyev