AVRO-2020-nin final mərhələsinin açılış oyununu təşkil etməyə 6 şəhər can atır.
Fanat.Az xəbər verir ki, namizədlərin adını UEFA-nın baş katibi Teodor Teodoridis açıqlayıb. Baş katib Avropanın 13 ölkəsində düzənlənəcək yarışın ilk oyunu ilə bağlı Rusiyanın Sankt-Peterburq şəhəri ilə yanaşı, daha 5 iddiaçı olduğunu deyib: "Hazırda 6 şəhər açılış oyununu təşkil etmək istəyini bəyan edib. Sankt-Peterburq da onlar arasındadı. Bununla bağlı qərar 2018-ci ilin ilk yarısında veriləcək. Bu, İcraiyyə Komitəsinin ya fevral ya da iyunda keçiriləcək iclasında gerçəkləşəcək. Şansları qiymətləndirmək istəmirəm. Müəyyən kriteriyalar var ki, komitə də buna uyğun qərar verəcək”.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi 13 müxtəlif şəhərdə baş tutacaq. Yarımfinal və final Londonda keçiriləcəksə, digər oyunları Azərbaycan paytaxtı Bakı, həmçinin Sankt-Peterburq (Rusiya), Münhen (Almaniya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) qəbul edəcək. Bu 12 şəhərdən 6-sı açılış üçün namizədliyini versə də, onların adları açıqlanmır.
Fanat.Az