Milli komandamızın "milliləşdirilmiş" üzvü Dəniz Yılmazla "Bursaspor" arasında problem yaranıb.
Fanat.Az xəbər verir ki, Türkiyə Kubokunun "Adanaspor"la oyununun start heyətində yer alan və zəif oyunu səbəbindən tənqid olunan futbolçu vəkili vasitəsi ilə kluba xəbərdarlıq göndərib. Futbolçu klubdan təxminən 1 milyon lirə (445 min 900 manat) olan borcunun gün ərzində ödənilməsini tələb edib. Əks halda isə müqaviləsini birtərəfli qaydada pozacağını bildirib. UEFA-nın "Maliyyə Fair-Playı" qaydaları ilə problem yaşamaq istəməyən "Bursaspor" rəhbərliyi kassada pul olmadığından nağd vəsait axtarışına başlayıb. Qısa zamanda lazım olan maliyyə mənbəyini tapan klub rəhbərliyi axşam saatlarında Dəniz Yılmaza 1 milyon lirə ödəniş edib.
Klubun maddi cəhətdən çətin günlər yaşadığı vaxtda futbolçunun bu addımı atması prezident Ali Ayı hirsləndirib. Klub rəhbərliyi ötən həftə futbolçular və məşqçilərlə görüşərək ödənişlərin iki ay gecikmə ilə edilməsi barədə razılıq əldə etmişdi.
Bildirilir ki, Ali Ay 2019-cu ilin 31 mayınadək müqaviləsi olan Dəniz Yılmazı göndərmək üçün qış fasiləsinin başlamasını gözləyir.
Fanat.Az