Müəmmalı şəkildə itən Emiliano Salanın yolunu gözləyənlər təəssüf və təəccüb içindədi.
Fanat.Az-ın məlumatına görə, futbolçunun yeni klubu "Kardiff Siti”nin məşqləri təxirə salınıb.
Britaniya təmsilçisinin icraçı direktoru Ken Çu baş verən olaydan danışıb: "Təyyarənin itməsi xəbəri bizə çox pis təsir edib. Emilianonun bazar ertəsi axşam Kardiffə gələcəyini və bu gün bizimlə ilk məşqə çıxacağını gözləyirdik. Ancaq xoş olmayan sürprizlə qarşılaşdıq. Bu gün səhər qərara aldıq ki, bütün məşqləri təxirə salaq. Klubun bütün əməkdaşları, futbolçuları, texniki heyəti azarkeşlərə dəstəyə təşəkkür edir. Ümidimiz tükənməyib. Xoş xəbər almaq üçün dua edirik”.
Sala bu qış "Nant”dan "Kardiff Siti”yə transfer olunmuşdu. Uels klubu tarixinin ən böyük məbləğini – 20.5 milyon funt ödədiyi futbolçunu qarşılamağa hazırlaşarkən onu gətirən özəl təyyarə Lamanş boğazı üzərində radardan itib. Cəmi 30 dəqiqə davam etməli uçuşun 15-ci dəqiqəsində uçaqdan siqnal gəlməyib. Dünən gecədən davam edən axtarışlar nəticəsiz qalıb.
Fanat.Az