Devid Bekhem "Mançester Yunayted”in gənclərdən ibarət komandasının sabiq çalışdırıcısı Erik Harrisonun dünyasını dəyişməsiylə bağlı təəssüfünü ifadə edib.
Fanat.Az xəbər verir ki, MY-nin yetirməsi 82 yaşında gözlərini əbədi yuman mütəxəssisin vəfatı haqda instaqram hesabında belə yazıb:
"Məşqçimizi, müəllimimizi, bizi yaradan adamı itirdik. Necə oynamaq, inkişafa doğru addımlamaq, "Mançester Yunayted”in əsas heyətinə düşmək lazım olduğunu başa salan insanı... Həmişə bizi izləyirdi, böyüyüb uğurlu karyera yaşayanda da bizimlə idi. İndi də mənə "hollivudsayağı paslarını bir daha görmək istəmirəm, yığışdır” dediyini eşidirəm. Bizə futbol oynayarkən necə yuxarıdan aşağı baxdığını görürəm.
Ən önəmlisi isə bizə verdiyi qeyri-futbol təlimləri idi - meydandan kənarda da bir-birinə hörmət etmək dərsləri. Heç vaxt həyat dərslərini unutmayacağıq.
Erik, biz səni sevirik və sənə borcluyuq. Sənin Harin, Filin, Rayanın, Polun, Nikkin və Devidin”.
Qeyd edək ki, mütəxəssis 1992-ci ildə gənclər arasında təşkil edilən çempionatın qalibi olub. O, Hari Nevill, Fil Nevill, Niki Batt, Robi Sevic, Ryan Giqqz, Pol Skoulz və Devid Bekhem kimi məşhur ingilislərin yetişməsində xüsusi pay sahibi olub.
Fanat.Az