"Zenit”in hökm oxunan hücumçusu Aleksandr Kokorinin vəkili Andrey Romaşov hüquqularını müdafiə etdiyi şəxsin ilyarımlıq cəzasını ümumi rejimli həbsxanada çəkəcəyini söyləyib.
Fanat.Az-ın məlumatına görə, Romaşov belə deyib: "Onun bacardığı hansısa məslək olsaydı, məsələn, santexnik və ya elektrik qismində çalışa bilsəydi, təcridxanada qala bilərdi. Amma bu variant heç müzakirə də olunmadı. Kokorin ümumi rejimli həbsxanada olacaq”.
Qeyd edək ki, Kokorin və "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev ötən ilin 8 oktyabr tarixində Moskvanın mərkəzində 2 dava-dalaş törədib. 3 adamın xəsarət alması "qəhrəmanlar”ın "Butırka” təcridxanasına yerləşdirilməsi ilə nəticələnib. Hadisələrin digər iştirakçıları - Kokorinin qardaşı Kirill və futbolçuların dostu Aleksandr Protasovitski də dəmir barmaqlıqlar arasına salınıb. Daha sonra Moskva Şəhər Məhkəməsi Kokorin qardaşlarını 1 il 6 ay, Mamayevlə Protasovitskini isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edib.
Fanat.Az