İngiltərə Premyer Liqasında 2020-21 mövsümünün startı koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə tamaşaçılarsız baş tuta bilər.
Fanat.Az xəbər verir ki, ingilis futbolunda çalışan, adı açıqlanmayan top-menecerlərdən biri "The Times" nəşrinə bu barədə məlumat verib.
"Bizə görə, növbəti mövsüm mütləq boş tribunalar önündə başlamalıdı. Yəqin ki, 2021-ci ildə də azarkeşsiz oyunlar keçiriləcək. Bəzi klublar fəaliyyətlərini dayandıra biləcəklərindən qorxurlar, digərləri isə daha optimistdilər.
Artıq azarkeşlərin növbəti mövsüm oyunlara buraxılmayacağını özündə ehtiva edən plan üzərində işləyirik", - deyə o qeyd edib.
Liqa 2 (ingilis futbol sisteminə görə 4-cü divizion) klublarının son iclasında azarkeşlərin tribunalara qayıtmasına icazə verilməyəcəyi müddətcə növbəti mövsümün başlamayacağına dair qərar qəbul edildiyi bildirilir. Əks təqdirdə klublar itirilən gəlirləri kompensasiya edə bilməyəcəklər.
Hələlik Böyük Britaniya hökuməti ictimai tədbirlərdə tətbiq ediləcək məhdudiyyətlərlə bağlı futbol qurumlarını məlumatlandırmayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol