UEFA koronavirus pandemiyası ilə əlaqədar olaraq Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərinin formatında dəyişiklik etməyi planlaşdırır.
Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, mərhələlərin sayının azaldılması, hətta təsnifatın ümumiyyətlə ləğv olunması gündəmə gəlib.
UEFA artıq Çempionlar Liqasında 2020-21 mövsümünün startını oktyabrın 20-dək təxirə salıb. Təsnifat mərhələlərinin keçirilib-keçirilməyəcəyinə dair qeyri-müəyyənlik isə hələ də aktuallığını qoruyur.
ÇL-də iştirak edəcək 32 komandadan yalnız 6-sı seçmə mərhələ əsasında müəyyənləşəcək. Digər 24 iştirakçı daxili çempionatlardakı və ya bir öncəki avrokubok mövsümündəki nəticələr əsasında turnirə birbaşa qatılacaqlar.
Mənbənin xəbərinə görə, UEFA hazırda iki əvəzinə, bir görüşdən ibarət təsnifat mərhələlərinin keçirilməsini ciddi şəkildə nəzərdən keçirir. Digər bir ideya - qrup mərhələsinə birbaşa düşə bilməyən, 12 ən yüksək reytinqli liqa çempionlarının iştirakı ilə pley-off etapının oynanılmasından ibarətdi. Bu sxemə əsasən ÇL-ə vəsiqə uğrunda mübarizə aparmaq haqqından məhrum olan klublar üçün maddi təzminat ayrılacaq.
48 iştirakçıdan yalnız 17-nin daxili liqalardakı nəticələr əsasında müəyyənləşdiyi Avropa Liqasında isə vəziyyət daha da mürəkkəbdi.
UEFA İcraiyyə Komitəsinin mayın 27-də keçiriləcək videokonfransında məsələ ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.
Fanat.Az