Sabah U-21 millimiz Avropa çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, rəqib komandanın oyunçuları Slovakiya Futbol Federasiyasının rəsmi saytına açıqlama veriblər.
Niderlandın "Qroningen" klubunda çıxış edən 18 yaşlı hücumçu Tomaş Suslov meydana qələbə üçün çıxacaqlarını bildirib: "Hazırda yalnız Azərbaycanla oyuna köklənmişəm. Bu komanda bizim üçün ciddi rəqibdi. Hələlik Fransa haqqında düşünmürük. Qalib gəlsək, bu, bizim üçün yaxşı motivasiya olar. Qol vurmaqla komandama kömək etmək istəyirəm. Bu halda Fransaya qarşı da yüksək səviyyədə oynaya bilərəm".
Yığmanın müdafiəçisi Gergey Tumma da Azərbaycan millisinin zəif rəqib olmadığını etiraf edib: "Bütün fikrimiz bu oyundadı. Rəqibin heyətində səviyyəli futbolçuların olduğunu, onların ikili mübarizələrdə sərt oynadıqlarını və düşünülmüş hücumlar etdiyini qeyd etmək lazımdı. Azərbaycan yığmasına yuxarıdan aşağı baxmırıq, amma 3 xal qazanmaq istəyirik".
Qeyd edək ki, oktyabrın 8-də Nitra şəhərində keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Fanat.Az