"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının qrup mərhələsinin oyunları başa çatandan sonra postunu tərk edə bilər.
Fanat.Az "Sport Mediaset"ə istinadən xəbər verir ki, komandada ikitirəlik hökm sürür. Oyunçuların bir qismi mütəxəssisin getməsini istəyirsə, digərləri onun qalmasının tərəfdarıdır. Qasperininin Çl-in 6-cı turu çərçivəsində keçiriləcək "Ayaks"la oyundan sonra qərarını verəcəyi bildirilib.
Xatırladaq ki, "Atalanta"nın kapitanı Alexandro Qomes Çl-in 5-ci turunda - Danimarkanın "Midtyüland" klubuyla heç-heçə etdikləri (1:1) görüşdə Qasperini ilə gərgin anlar yaşamışdı. Sözügedən çalışdırıcı fasilə ərəfəsində Qomesdən hücumun sağına çəkilməsini tələb etsə də, 32 yaşlı argentinalı yüksək tonla rədd cavabı vermişdi. Azarkeşsiz tribunalarda əks-səda verən qışqırtı oyunu canlı yayımlayan telekanalın efirində aydın eşidilmişdi. Fasilədə italiyalı mütəxəssis kapitanı və Yosip İliçiçi əvəzləmişdi.
Qeyd edək ki, "Atalanta" ÇL-də D qrupunda mübarizə aparır. Qrup lideri "Liverpul" pley-offa vəsiqəni təmin edib. "Atalanta"nın son tur ərəfəsində 8, "Ayaks"ın 7, "Midtyüland"ın 1 xalı var.
Fanat.Az