İsveç millisinin forvardı Zlatan İbrahimoviç yığmaya qayıdışıyla bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Milan"ın 39 yaşlı hücumçusunun söylədiklərini "Goal" belə çatdırıb:
"Meydanda olduğum zaman öz işimi görməyə çalışıram. Oyunun gedişində nə edəcəyimi öncədən planlaşdırmıram. Bütün hərəkətlərim impulsivdir. Otuz doqquz yaşım olsa da, hələ də nidzasayağı hərəkətlər edə bilirəm.
Yığmaya dönüşümdən məmnunam. Təəssüratlarım əladır. Sadəcə, azarkeşlərin yoxluğunu hiss etdim. İsveçli fanatların dəstəyi altında çıxış etmək bir başqa olardı. İstənilən halda, çox xoşbəxtəm. Həmişəki kimi komandama fayda verməyə çalışdım. Düzdür, arzuladığımız qədər təhlükəli ola bilmədik. Ancaq əsas odur ki, qələbə qazanmağı bacardıq. Bu, seçmə mərhələdə ilk oyunumuz idi. Cəmi iki-üç gün bir yerdə məşq edə bilmişdik. Növbəti qarşılaşmalarda daha yaxşı görünəcəyik".
Qeyd edək ki, İsveç millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi ilk matçda Gürcüstanı 1:0 hesabıyla yenib. Viktor Klassonun vurduğu qolun ötürməsini İbrahimoviç verib.