Bu gün AVRO-2020-nin 1/8 final mərhələsində İngiltərə millisi "Uembli" stadionunda Almaniya seçməsi ilə qarşılaşacaq.
Bu görüş futbolsevərlərə 1966-cı ildə məhz bu stadion və bu milli komandalar arasında keçirilən, azərbaycanlı referi Tofiq Bəhramanovun köməkçi hakim olduğu matçı xatırladıb.
"Bu axşam yenə İngiltərə-Almaniya, yenə "Uembli". Hətta kraliça da o vaxtdan qalıb, 55 il əvvəl bizim məşhur hakimə "Qızıl fit"i təqdim edən Britaniya kraliçası. Bir rəhmətlik Tofiq Bəhramov çatmır...", deyə tanınmış idman jurnalisti İlkin Xəlilov "Facebook" səhifəsində matçla bağlı maraqlı fikir səsləndirib.
"Qızıl top" beynəlxalq mükafatının azərbaycanlı jürisi Rasim Mömsümzadə isə Fanat.Az-a bu görüşlə bağlı önəmli məlumat bölüşüb:
"Hər dəfə İngiltərə və Almaniya komandaları qarşılaşanda 1966-cı il və məşhur həmyerlimiz Tofiq Bəhramov xatırlanır. 1966-cı il dünya çempionatının İngiltərə - Almaniya FR finalında (4:2) ingilislərin vurduğu məşhur üçüncü qol o zamandan bəri futbolda ən böyük mübahisələrə səbəb olsa da, "Sky Sports”un "Monday Night Football” verilişinin komandası 2016-cı ildə "Opta”dan alınan statistik məlumatlar, üstəlik "Sky Pad” toxunma ekranı və "EA Sports”un virtual reallığı sayəsində yan xətt hakimi, azərbaycanlı Tofiq Bəhramovun doğru qərarı verdiyini, topun qapı xəttini keçdiyini sübut edə biliblər. Bundan əvvəl 1998-ci ildə isə İsrailin "Orad" şirkəti "Virtual Replay" proqramı sayəsində topun qapı xəttini keçdiyini təsdiqləmişdi".
Qeyd edək ki, İngiltərə – Almaniya matçı Bakı vaxtılə 20:00-da start götürəcək.
Röya