Millimizin üzvü Anton Krivotsyukun forma geyindiyi Polşa "Visla"sını yeni sponsor himayəyə götürüb.
Fanat.Az xəbər verir ki, 2013-2019-cu illərdə də Plotsk təmsilçisinə sponsorluq edən "EL-KONS-BUD" şirkəti iki illik fasilədən sonra yenidən klubla əməkdaşlığa başlayıb. 2022-ci il iyunun 30-dək qüvvədə olacaq yeni müqaviləyə əsasən, inşaat və maşınqayırma sənayesi üzrə fəaliyyət göstərən şirkət əsas komanda ilə yanaşı akademiyaya da sərmayə yatıracaq.
"Əməkdaşlığa ilk dəfə 2013-cü ilin avqustunda - "Visla" birinci liqaya yüksəldikdə başladıq. 2019-cu ilin ortalarına qədər kluba dəstək olduq. "Visla"ya yenidən rəsmi olaraq qoşulduğumuz üçün sevincimi gizlətmirəm. Bu dəfə tərəfdaş olaraq nəinki klubun özünə, hətta akademiyasına da dəstək verəcəyik", "EL-KONS-BUD"un prezidenti Qreqor Blaşkieviç belə deyib.
"Visla"nın prezidenti Tomaş Marzeç də bu əməkdaşlıqdan məmnunluğunu bildirib:
"EL-KONS-BUD"un klubumuzun birinci liqaya yüksəldiyi andan yanımızda olduğunu mükəmməl xatırlayırıq. Sonrakı illərdə əməkdaşlığımız çox yaxşı idi, buna görə də bu şirkətin "Visła Płotsk"a qayıtmasından çox xoşbəxtəm. Bir neçə aydır ki, biz gənclər üçün təlimlərin inkişafı üzərində dinamik işləyirik. Buna görə də mənə yaxın olan şirkətin bu məsələlərdə bizə kömək etməyi planlaşdırmasına çox şadam".
Mirağa