Bazar günü "Visla Plotsk"la oyundan qayıdarkən fanatların hücumuna məruz qalan "Legiya" hadisənin təfərrüatına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, klubun meneceri Konrad Paşnevski Mahir Emreli və komanda yoldaşlarına xəsarət yetirilməsi ilə nəticələnən hadisə barədə danışıb:
"Hadisə geri qayıdarkən mərkəzə gedən yolda - LTC döngəsinə yaxınlaşanda baş verdi. Komanda Ksiazeniçeyə - klubumuzun bazasına yaxınlaşanda bir qrup şəxs avtobusun önünü kəsərək onu saxladı. Onaltı-on yeddi nəfər maskalı şəxs ətrafdakı tarlalardan və xəndəklərdən çıxdı. Polis maşını avtobusun arxasında idi. Mən isə fiziki hazırlıq üzrə məşqçi və fizioterapevt ilə birlikdə klub avtobusundan öndə gedirdik. Polislə Plotskdakı stadionu tərk etdiyimiz andan əlaqədə idik. Varşava polis idarəsi və Qrodzisk rayon polisi ilə əlaqə saxlayırdım.
Niyə avtobusda deyildim? Avtobusda sıxlıq olmasın deyə. Klubun əfsanəsi, bu yaxınlarda diz artroskopiyası olan Kşiştof Douhan da avtobusda idi. Onun ayağını rahat uzatması üçün avtobusa minmədim. Həm də biz adətən öndə gedirik. Otelə tez çatıb komandanı qarşılamaq, yerbəyer etmək üçün beş-on dəqiqə tez çıxıram. Azarkeşlərin avtobusun qapısını açıb xuliqanların məşqçilərə və futbolçulara hücum çəkməsinə şərait yaratmağımla bağlı ittiham absurddur.
Avtobusa hücum çəkən şəxslər futbolçuları hədələyiblər, Mahir Emreli və Lukunyos isə baş nahiyəsindən zərbə alıb. Bundan bir neçə dəqiqə sonra polis hücum edənləri dağıdıb.
Lukinyosun ağrıları çox idi, o, hadisədən dəhşətə gəlmişdi. Emreli isə yaxınlarının təkidi ilə müayinə üçün xəstəxanaya getsə də, ona ciddi bir şey olmayıb. Başında adi şiş və yüngül ağrı ilə ötüşdü. Ancaq həkim hər ehtimala qarşı ehtiyatlı olmağı tapşırdı. Bu üzdən bazar ertəsi ona və komandanın digər üzvlərinə istirahət verildi. Hadisədən təxminən 20 dəqiqə sonra isə polis "Legiya" mərkəzini tərk etdi və futbolçular öz maşınları ilə evlərinə getdilər".
Mirağa