PSJ-nin müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu - "Real Madrid"lə birinci görüşü buraxacaq.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, onun fevralın 15-də baş tutacaq qarşılaşmada sabiq komandasına qarşı oynamayacağı dəqiqləşib.
Mənbə təcrübəli müdafiəçinin martın 9-da keçiriləcək cavab matçınadək sıraya dönmək ehtimalının az olmadığını da bildirib.
35 yaşlı Ramos 2005-2021-ci illər aralığında formasını geyindiyi "Real"da 671 oyun keçirib. Bu qarşılaşmalarda 101 qol vuran ispan futbolçu 40 məhsuldar ötürmə ilə də yadda qalıb. Ötən ilin yayında azad agent qismində PSJ-yə keçən Serxio müddəti 2023-cü ilə qədər olan müqaviləyə imza atıb. Paris klubuna zədəli vəziyyətdə qoşulan Ramos yalnız payızın sonlarında sıraya dönə və 4 matça çıxa bilib. PSJ formasıyla 1 qol vurmağa imkan tapan arxa xətt oyunçusu bir müddət öncə yenidən zədələnib.