Ukraynanın "Rux" klubunun braziliyalı futbolçusu Tales Brenner müharibə dəhşətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Telegraph"a müsahibə verən 23 yaşlı yarımmüdafiəçi Rusiyanın Ukraynaya hücumundan necə xilas olduqlarını, yolda üzləşdikləri əziyyətləri anladıb:
"Ötən cümə axşamı legionerlərə xəbərdarlıq edildi ki, elə həmin gün ölkəni tərk edək. Halbuki bir gün əvvələ kimi bunu medianın şişirtməsi kimi anladırdılar. Marketlərdəki boş rəflərə və yolda qeyri-adi sayda maşın olmasına baxmayaraq, narahatlığa əsas olmadığını düşünürdüm. Amma sonra məşq ləğv edildi, Lvovda İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq hava hücumundan həyəcan siqnalı səsləndi. Ukraynanın qərbində bir vaxtlar turizm məkanı olan mənzərəli şəhər indi müharibəyə hazırlaşan bir yer idi və bütün sakinlər yeraltı sığınacaq axtarmağa çağırılırdı.
Həmin gecə mən və digər iki komanda yoldaşım furqona minərək birbaşa Polşa sərhədinə yollandıq. Yol qısa olmalı idi. Sərhəd təxminən 80 kilometr uzaqda idi, ona görə də oraya bir saat yarıma çatacağımızı düşündük. Amma yox, belə deyildi... Lvovdan axşam saat 21 radələrində çıxdıq və növbəti gün səhər 11-də, yəni 14 saat sonra sərhədə çatdıq.
Nəqliyyat o qədər sıx idi ki, son 20 kilometri piyada qət etməli olduq. Cəhənnəm idi, çünki bizlərdən birinin - argentinalı komanda yoldaşım Fabrisio Alvarenqanın dizində problem var idi. O, qoltuqağacı ilə yeriyirdi. Üstəlik, yanında kiçik qızı da var idi".
Braziliyalı futbolçu tezliklə Polşaya keçməyin faktiki mümkünsüz olacağını anlayıb. O, dörd gün soyuqda qalıb: "Ac, yorğun və on minlərlə insanən keçməyə çalışdığı sərhəd - "yer üzündəki ən pis yer" idi.
Ukraynalı əsgərlər Polşaya yalnız qadınların və uşaqların buraxılacağını deyirdilər. Vəziyyəti nə qədər izah etməyə çalışsan da, sənə qışqırırdılar. Düzgün qidalanmadan bir neçə gün vaxt keçirdik. Bundan sonra daha dözə bilmədik və qərara aldıq ki, Lvova evimizə qayıdaq. Çox çarəsiz idik. Hətta yanacaqdoldurma məntəqəsində bizi qarşılamaq üçün taksi sifariş etdik, amma o, gəlmədi. Bu kabusdan heç vaxt çıxmayacağımızı düşünməyə başlamışdıq. Sonra Braziliya bayrağı olan bir avtomobil gördük. Bu, xilaskar mələyimiz Klara idi. O, bizdən xəbərsiz bizi axtarırdı. Klara braziliyalıları Ukraynadan xilas edən "Frente BrazUcra" adlı qrupun üzvü idi.
Əvvəlcə sərhəddi Slovakiyadan keçməyə çalışdıq, lakin ora inanılmaz dərəcədə insanlarla dolu idi. Sonra Macarıstanla sərhəddə üz tutduq. 15 saat gözləməli olsaq da, nəhayət bazar günü qarşı tərəfə keçə bildik”.
Karyerasına “Fluminense”də başlayan Brenner hazırda Budapeştdədir və bundan sonra nə edəcəyini dəqiq bilmir: “Əvvəlcə planda Polşaya getmək və müharibənin sonuna qədər yerli komandalardan birində hazırlaşmaq var idi. Bu, indi çətin görünür, çünki Ukrayna Vladimir Putinlə uzun sürən müharibədən geri çəkilənə oxşamır. İndi təhlükəsizikdəyik. Lakin yaşadıqlarıma görə özümü hələ də pis hiss edirəm. Axı Ukraynada olan bütün insanları, komanda yoldaşlarımızı və digər əcnəbiləri düşünəndə necə sevinmək olar?"
Mirağa