PSJ-nin yarımmüdafiəçisi İdrisa Qeyenin "Real Madrid" ilə Çempionlar Liqası oyunu öncəsi məşqdə Kilian Mbappeni zədələməsi başına bəla olub.
Fanat.Az xəbər verir ki, ilk oyunda məhz Mbappenin qolu sayəsində 1:0 hesabı ilə qalib gələn PSJ qayğılı, azarkeşlər isə qəzəblidir.
Bəziləri hətta Qeyeyə "Instagram" profilində irqçi təhqir və təhdidlər yağdırıb. Onlar həmçinin sosial şəbəkədə onun xanımı Paulinaya hücum ediblər. Beləliklə, hər ikisi şərhlərini məhdudlaşdırmalı olub.
Onu istəmədən zədələyən komanda yoldaşının təhqir və təhdidlərə məruz qaldığını öyrənən Mbappe də öz növbəsində "Instagram"da paylaşım edib.
İkisinin şəklini yerləşdirən fransalı hücumçu "Biz həmişə birlikdəyik. Bura Parisdir" statusu yazıb. Mbappenin bu reaksiyası Fransa ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.