“Mançester Siti”nin ulduzu Kevin De Bröyne əzəli rəqibləri, son turda böyük hesabla məğlub etdikləri (4:1) “Mançester Yunayted”i müdafiə edib.
Fanat.Az xəbər verir ki, belçikalı yarımmüdafiəçi bazar günü baş tutan derbidən sonra "Mançester Yunayted"ə qarşı tənqidlərin sərt olduğunu düşünür.
“Şəhərlilər”ə uduzduqdan sonra “qırmızı şeytanlar” xüsusilə keçmiş oyunçuları Qari Nevill və Roy Kin tərəfindən kəskin tənqid olunub, veteranlar komandanı “rüsvayçı” adlandırıblar.
Bununla belə, De Bröyne hesab edir ki, komandasının əzmkarlığı Ralf Ranqnikin aqressiv taktikasını üstələyib:
"Bizim dominant oyun üslubumuz var. Meydanda nə edəcəyimizi çox yaxşı bilirik. MY-nin təslim olduğunu söyləmək düzgün olmazdı, sadəcə, bizə qarşı oynamaq çox çətindir. Belədə onlar təslim olmuş kimi görünə bilər.
Komanda olaraq bəzən 90 dəqiqə oyun tərzimizi qoruya bilmirik. İlk hissə bizim üçün bir qədər çətin keçdi. Onlar həmişəkindən daha çox təzyiq göstərdilər. Amma ikinci hissədə toparlandıq. Son 10 dəqiqəyə baxanda hiss etdim ki, rəqib matçın ritmindən qopub".
Qeyd edək ki, bazar günü baş tutan Mançester derbisində MS əzəli rəqibini 4:1 hesabı ilə məğlub edib.