Çərşənbə axşamı "Atletiko Madrid"ə 0:1, ümumilikdə isə 1:2 hesablı məğlubiyyətdən sonra yarışdan kənarlaşan v nəticədə mövsümü titulsuz başa vuracağı dəqiqləşən "Mançester Yunayted"in futbolçuları azarkeşlərin qəzəbinə tuş gəlib.
Fanat.Az xəbər verir ki, oyundan sonra bir qrup azarkeş komanda üzvlərinin "Old Traffor"dan çıxmasını gözləyib. Belədə klubun avtobusuna minmək istəyən Markus Raşfordla fanatlar arasında gərginlik yaşanıb.
Ünvanına təhrikedici və təhqiredici ifadələrə reaksiya verən 24 yaşlı futbolçu azarkeşlərin olduğu istiqamətə doğru addımlayıb. UEFA-nın rəsmi şəxslərinin gözü qarşısında o, təhqirlərə qarşılıq verib, olay yerindən uzaqlaşarkən isə "orta barmağ"ını göstərib. Baş verənlər telefonla çəkilərək sosial şəbəkədə yayılıb.
Raşford bu gün "Twitter"də sözügedən videoya münasibət bildirib: "Video fərqli təsəvvür formalaşdıra bilir və bu halda sosial mediada qeyri-dəqiq məlumatların paylaşılmasına səbəb olur. Həftələrdir məni təhdid edirlər, haqq-hesab çəkməklə hədələnirəm. Mən də insanam və nəticədə dünən gecə emosiyalarım mənə qalib gəldi.
Hər gün özün haqqında belə şeyləri oxumaq və eşitmək səni yorur. Heç kim mənim performansımı özümdən çox sorğulaya bilməz. Amma bu videoda gördükləriniz kontekstdən çıxarılıb. Etirazlar mənim futboluma qarşı deyildi, şəxsimə yönəlmişdi. İnsanlar məndən reaksiya gözləyirdilər, telefonlar hazır idi.
Əlbəttə, ötüb keçməli, buna məhəl qoymamalı idim. Amma... Məni uzaqdan söyən şəxsə "bura gəl və bunu üzümə de" söylərkən şəhadət barmağımdan istifadə etdim. Yəni "orta barmağ"ımla jest etməmişəm.
Razıyam, mənim buna haqqım yoxdur. Bu eqo deyil. Əsəbləşirəm...Çox məyusam. O an o hərəkətim axmaqlıq idi, amma dediyim kimi, mən də insanam".