Tanınmış FİFA referisi Ovidiu Hateqan infarkt keçirib.
Fanat.Az xəbər verir ki, Avropanın elit hakimlərindən olan referinin ürəyinə stent qoyulub.
"Gazeta Sporturilor"un məlumatına görə, ixtisasca həkim olan Hateqan infarktın simptomlarını özü müəyyənləşdirib və avtomobilinə minərək yaşadığı Arad xəstəxanasına gedib. EKQ-dən sonra həqiqətən də onun damarının tutulduğu müəyyən edilib. O, Timişoaraya köçürülüb və orada əməliyyat olunub.
41 yaşlı Hateqanın zəngin hakimlik təcrübəsi var. O, Avropa çempionatı və Çempionlar Liqasının önəmli oyunlarını idarə edib. Üstəlik, rumıniyalının adı Qətərdə keçiriləcək dünya çempionatının genişlənmiş (20 referi və 16 VAR hakimi) hakimlər siyahısındadır.
Son beynəlxalq idarəçiliyi keçən ay Çempionlar Liqasının 1/16 finalında "Mançester Yunayted"in "Atletiko Madrid"lə İspaniyadakı görüşünə təsadüf edib. Rumıniya çempionatında isə son olaraq, martın 3-də "Arges" - FCSB ("Styaua") arasında reallaşan dueldə fit çalıb.
Mirağa