Kilian Mbappenin PSJ-də qalıb-qalmayacağı Fransa üçün dövlət əhəmiyyətli məsələyə çevrilib.
Fanat.Az xəbər verir ki, bu iddia ilə fransız jurnalist Romen Molina çıxış edib.
O, "Real Madrid"in israrla heyətinə qatmağa çalışdığı ulduz futbolçunu qalmağa razı salmaq üçün Fransa prezidenti Emmanuel Makronun işə qarışdığını bildirib. Fransa prezidenti seçki kampaniyasının ortasında ölkənin ən böyük istedadının Liqa 1-dən ayrılmamasını istəyir.
Makronla yanaşı, Qətər cəbhəsi Mbappenin Paris təmsilçisi ilə olan müqaviləsinin müddətinin uzadılmasına çalışır. Xəbərdə Qətər əmirinin ulduz futbolçu ilə şəxsi əlaqədə olduğu bildirilib.
PSJ-nin sahibi olan "Qatar Sports Investments" şirkəti bütün imkanlarını səfərbər edərək Mbappeni klubun ən çox qazanan futbolçusuna çevirmək niyyətindədir.
23 yaşlı Kilianın son açıqlaması Parisdə ümidləri artırıb: "Hələ transferlə bağlı qərar verməmişəm. Düşünürəm ki, danışıqlarda yeni elementlər var. Qərarımı vermiş olsaydım, bunu deyərdim. Gizlətməyə ehtiyac yoxdur. Amma ən yaxşı qərarı vermək istəyirəm. PSJ-də qalmaq ehtimalım var? Əlbəttə!”
Mirağa