"Çelsi"nin hücumçusu Timo Verner karyerasını A Seriyasında davam etdirə bilər.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, alman forvardın agenti Folker Ştrut bazar ertəsi İtaliyaya yola düşüb.
Onun Vernerin xidmətini "Yuventus", "Milan" və "Atalanta"ya təklif etdiyi və bu klublarla danışıqları davam etdirmək üçün İtaliyaya uçduğu bildirilib.
Daha öncə 26 yaşlı Vernerin "Çelsi"dən ayrılmaq istədiyi və "zadəganlar"ın bunun əleyhinə olmadığı barədə informasiyalar yayılmışdı.
Yazılanlara inansaq, İngiltərə təmsilçisi 2020-ci ilin yayında Almaniyanın "Layptsiq" klubundan 53 milyon avroya transfer etdiyi ön xətt oyunçusunu təxminən 40 milyona satmağı hədəfləyib.
Vernerin "Çelsi" ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. Bu mövsüm bütün turnirlər daxil olmaqla, London klubunun formasıyla 28 matça çıxan Almaniya millisinin üzvü 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat