İsveçrə Futbol Liqasının (SFL) rəhbərliyi yerli çempionatın yarış sistemində 2023/2024 mövsümündən qüvvəyə minəcək köklü dəyişikliklərə səs verib.
Fanat.Az xəbər verir ki, hazırda 10 klubun dörd dövrədə mübarizə apardığı çempionat daha iki iştirakçının əlavə olunmasından sonra fərqli yarış qaydaları keçiriləcək.
Əhəmiyyətli dərəcədə yenilənəcək sistemin fərqi ondadır ki, hətta iki dövrənin nəticəsinə əsasən 10-cu yeri tutacaq komandanın da avrokuboklara qatılmaq şansı olacaq.
Klublar şurası tərəfindən qəbul edilən, ancaq hələ İsveçrə Futbol Federasiyası tərəfindən ratifikasiya olunmamış yeni sistemə əsasən, liqada 12 iştirakçı olacaq yarış və üç mərhələdə oynanılacaq. Birinci mərhələdə klublar iki dövrədə oynayacaq. 22 turun nəticəsinə əsasən komandalar iki "6-lığ"a bölünəcək.
İkinci mərhələdən sonra da çempion bəlli olmayacaq. SFL-in ideyasına görə, ümumilikdə 32 turdan sonra bir sıra pley-off oyunları keçiriləcək. Cədvəldə ilk iki yeri tutan komanda, xal fərqindən asılı olmayaraq, titul uğrunda birbaşa bir və ya iki oyun keçirəcək. Hətta 32 turdan sonra turnir cəvəlinin birincisi, deyək ki, 20 xallıq üstünlüyə malikdirsə, yenə də birbaşa dueldə titulsuz qala bilər.
Bundan başqa, avrokuboklar üçün ilk iki yeri tutan komandalar liqanın UEFA reytinqindəki mövqeyindən asılı olaraq, Avropaya vəsiqə qazanacaq. Çempionatın ilk "6-lığ"ındakı qalan dörd komanda və ikinci "6-lıq"dakı ən yaxşı dörd iştirakçı arasında avrokubok üçün qalan bir vəsiqə uğrunda mübarizəni davam etdirəcəklər.