Bir zamanlar "İnter", sonradan isə adı dəyişdirilərək "Keşlə" olan Azərbaycan təmsilçisi artıq "Şamaxı"dır.
Bəs görəsən "Keşlə"ni hələ "İnter" adlandırıldığı dönəmdən dəstəkləyən fanatların aqibəti necə olacaq?
"Old Wolf" azarkeş qrupunun rəhbəri Elnur Yusifov Fanat.Az-a açıqlamasında bu və digər məqamlara aydınlıq gətirdi:
"Nə qədər ki, "Keşlə" var, biz də varıq. "Keşlə" yoxdursa, biz də yoxuq. Hamının yadındadır, "İnter"in vaxtında daha çox idik, yığışırdıq və yaxşı azarkeş kütləsi ərsəyə gətirirdik. Sonradan klubun adını dəyişib "Keşlə" etdilər ki, bu ərazini təmsil edir. Nə xeyri? Azarkeş sayı azaldı. Ordan-burdan azarkeşlər gəlir, oyunun bir hissəsini izləyib gedirdi. Onsuzda azarkeş itirmişdik. Son vaxtlar yavaş-yavaş da olsa, toparlanırdıq. İndi də "Keşlə"ni "Şamaxı" etdilər. Son oyuna kimi "Keşlə"ni dəstəklədik. Qəbələdəydik, sonuna kimi dəstəyimizi əsirgəmədik. İndi isə "Keşlə" azarkeşi olaraq fəaliyyətimizi dayandırmışıq. Şəxsən mən Şamaxıya gedəcəyəm. Amma artıq azarkeş yox, adi izləyici kimi. Komandanı necə qarşılayacaqlarını, futbolçulara necə münasibət göstərəcəklərini, klubu necə dəstəkləyəcəklərini görmək istəyirəm.
Bir məsələni də qeyd edim ki, "Şamaxı"dan bizə heç bir təklif gəlməyib".
Xatırladaq ki, "Şamaxı" növbəti oyununu aprelin 9-u öz meydanında "Neftçi"yə qarşı keçirəcək.
Emin Şəmsiyev