Dünya çempionatının seçmə mərhələsini uğurla başa vuraraq mundiala vəsiqə əldə edən Mərakeşin 69 yaşlı məşqçisi Vahid Halilhodziç Qətərə yollanmaya bilər.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, dörd milli komanda ilə Dünya çempionatına vəsiqə qazanmış yeganə məşqçi kimi futbol dünyasında unikal göstəriciyə sahib olan bosniyalı Mərakeş ictimaiyyətinin təzyiqi ilə üz-üzədir.
Buna səbəb Halilhodziçin Mərakeşin ulduzlarını - Hakim Ziyeş, Abderrazak Hamdallah və Nussair Mazrauini milli komandadan qovmasıdır. Azarkeşlər onların geri qaytarılmasını tələb edirlər.
Mərakeş Futbol Assosiasiyasının prezidenti Fouzi Lekja bununla bağlı açıqlama verib. O, Halilhodziçin federasiyadan dəstək aldığını, lakin heç kimin əvəzolunmaz olmadığını vurğulayaraq Mərakeşin ən yaxşı oyunçularının turnirdə çıxış etməsi üçün hər vasitəyə əl atacağını bildirib.
Mənbənin məlumatına görə, bosniyalı mütəxəssislə bu həftə görüş nəzərdə tutulur. Bundan başqa, federasiya prezidenti milli komandaya qayıtmaq üçün Ziyeş və Mazrauini də yola gətirməyə çalışacaq. Ulduz futbolçular Halilhodzicin rəhbərliyi altında oynamaq istəmədiklərini iddia etsələr, məşqçi qovulacaq.
Mərakeş Futbol Assosiasiyasında artıq Halilhodziçin yerinə potensial namizədlərin siyahısı da var. Siyahıda Klod Puel, Rudi Qarsiya və Loran Blanın da adı var.
Xatırladaq ki, Mərakeş Dünya çempionatında Xorvatiya, Belçika və Kanada ilə eyni qrupda mübarizə aparacaq.
Mirağa