Fransa çempionu PSJ-nin və Argentina milli komandasının mərkəz yarımmüdafiəçisi Leandro Parades "Real Madrid"də oynamağı arzulayır.
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçunun "TyC Sports"a müsahibəsində bu barədə fikirlərini dilə gətirməsi birmənalı qarşılanmayıb.
İspaniyanın "Marca" nəşri argentinalının açıqlamasını belə sərlövhə ilə yayımlayıb: "Ayıb olsun".
Paris klubu daha böyük və önəmli ulduz Kilian Mbappenin Madridə getməməsi üçün əlindən gələni etdiyi məqamda Paredesin indiki klubuna önəm verməməsi tənqid olunub.
Qeyd edək ki, jurnalistin hansı klubda oynamaq istəməsiylə bağlı suala Parades belə cavab verib: "Hər bir oyunçunun arzusu "Real"ın formasını geyinməkdir. Həmçinin, mənim də. "Real" hər kəsin karyerası üçün çox vacib klubdur. Amma PSJ-yə də hörmət edirəm".
Paredesin fransız nəhəngi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var. O, 2019-cu ilin yanvarında 40 milyon avroya “Zenit”dən gəlib. Rusiyadan əvvəl isə, “Roma”, “Empoli”, “Boka Xuniors” və “Verona” klublarında da çıxış edib.