Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Gazzetta dello Sport" nəşri: "İnter" argentinalı hücumçu Lautaro Martinesi saxlayacaq. "Arsenal" isə futbolçunu öz heyətinə qatmaq niyyətindədir. Lakin italyanlar bu yay Martineslə bağlı heç bir təklifi nəzərdən keçirmək fikrində deyil".
"COPE" saytı: "Barselona" Ektor Bellerini transfer etmək fikrindən daşınıb. "Real Betis"də icarədə olan "Arsenal"ın sağ cinah müdafiəçisi uzun müddət idi ki, kataloniyalıların maraq dairəsində idi".
"Marca" nəşri: "Real Madrid" "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçuameni ilə yenidən maraqlanır. Bununla belə, bu yay müqavilənin bağlanması ehtimalı azdır".
"Daily Mail" nəşri: “Tottenhem” “Atalanta”nın futbolçusu Yoahim Meleni transfer etmək istəyir. Klubun baş məşqçisi Antonio Konte Meleni 3-4-3 sxemi üçün ideal oyunçu kimi görür".
Əfsanəvi futbolçu Devid Bekhem: "Ümid edirəm ki, Kriştianu Ronaldu daha 1-2 il "Mançester Yunayted"də qalacaq. Bu, azarkeşlər və onun özü üçün vacibdir. Bu klubun onun üçün nə qədər dəyərli olduğunu bilirik”.
"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard Felipe Koutinyonun komandadakı gələcəyini şərh edib: "Koutinyonun qalacağını dəqiq deyə bilmərəm. Amma biz bunu çox istəyirik”.
Emin Şəmsiyev