"Qarabağ" Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.
Fanat.Az-ın məlumatına görə, "Dreamland" qolf adasında təşkil olunmuş mərasimdə "köhlən atlar"ın kapitanı Maksim Medvedev jurnalistlərə açıqlama verib:
"Ayın 27-si kubokun finalında "Zirə" ilə oyundan yaxşı nəticə ilə dönmək niyyətindəyik. İstəyimiz "qızıl dubl" etməkdir. Ötən mövsüm alınmadı, amma bu il əlimizdən gələni etməliyik ki, mümkün titullara yiyələnək. Hər kəsə sübut etməliyik ki, Azərbaycanda ən yaxşı komanda bizik. İnanıram ki, gələcəkdə daha da yaxşı və perspektivli komanda olacağıq".
Medvedev UEFA Çempionlar Liqasına hazırlıqları barədə danışıb:
"İlk növbədə çalışacağıq ki, yaxşı təlim-məşq toplanışı keçirək. Əminəm ki, hara getdiyimizi oyunçularımız dərk edir. ÇL-də səhv etməyə haqqımız yoxdur. Azarkeşlərimizi sevindirmək niyyətindəyik. Tarixə yazılacaq oyunlar keçirmək istəyirik. Baş məşqçimiz qarışıq hamımız buna hazırlaşırıq. İndidən bu barədə düşünürük. ÇL-ə vəsiqə qazanmaq hər kəsə nəsib olmur. Yaranan fürsətdən maksimum istifadə etməliyik. Həm klubumuzun, həm də öz adımızı yüksəltməyi qarşımıza hədəf qoymuşuq".
"Bugünkü "Qarabağ" əvvəlkilərdən daha gücıü təsir bağışlayır" fikrinə münasibət bildirən 32 yaşlı futbolçu bununla razı olduğunu dilə gətirib:
"Bəli, bu fikirlə mən də razıyam. İndiki komandamız bütün illərin ən yaxşı "Qarabağ"ıdır. Hərtərəfli mübarizə apara bilirik. Heyətimiz zəngindir. "Qarabağ"la 8 dəfə çempion olmuşam. Bu, mənim üçün böyük nailiyyətdir. Komandada bəzi gənc futbolçular ilk dəfədir çempionluq yaşayır. Onları da təbrik edirəm".
Emin Şəmsiyev