İngiltərənin "Çelsi" klubu bu yay heyətini yeniləməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, "Goal" London klubunun transfer planlarını açıqlayıb.
Mənbə Antonio Rüdiger və Andreas Kristensen kimi müdafiəçilərin böyük ehtimalla, komandadan ayrılacağını və onların əvəzinə yeni arxa xətt oyunçuları transfer ediləcəyini vurğulayıb. Baş məşqçi Tomas Tuxelin "Sevilya"dan Jül Kundeni, "Atletiko Madrid"dən Xose Ximenesi, PSJ-dən Presnel Kimpembeni, "Brayton"dan Mark Kukurelyanı, "Layptsiq"dən Yoşko Quardiolanı diqqətdə saxladığı və bu futbolçulardan ikisinin "zadəganlar"a qoşulacağı bildirlib.
Yarımmüdafiə xəttinin gücləndirilməsi üçün "Vest Hem Yunayted"dən Deklan Raysın, "Monako"dan Orelyen Tçuameninin heyətə qatılmasının əsas hədəf olduğu önə çəkilib.
Hücuma gəlincə, bu mövqeyə kimin alınmasının indilik dəqiqləşmədiyi, londonluların futbolçu satışından əldə edilən gəlirə uyğun forvard axtarışına çıxacağı qabardılıb.
Nihat