Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq final qarşılaşmasında son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək.
Fanat.Az-a danışan tanınmış futbol mütəxəssisi Yunis Hüseynov finalın favoritini açıqlayıb:
"Favorit olaraq "Qarabağ"ı görürəm. Amma onu qeyd etmək lazımdır ki, kubok oyununun finalında istənilən komanda qalib gələ bilər. Zəif və yaxud güclü olmasından asılı olmayaraq kubokun finalına klublar tamam başqa motivasiya ilə çıxırlar. Ölkə kuboku vacib bir tituldur. Bu səbəbdən finalda "Zirə"nin də şanslarını dəyərləndirmək lazımdır. Əminəm ki, Rəşaq Sadıqov bu görüşə xüsusi olaraq hazırlaşıb. Futbolçuları var gücü ilə oynamağa həvəsləndirib. Onların da motivasiyası olduqca yüksəkdir. "Qarabağ"ın futbolçuları isə "qızıl dubl" etməyi planlaşdırırlar. Digər tərəfdən "Zirə" tarixində ilk kubokunu qazana bilər. Üstünlük "Qarabağ"ın tərəfindədir, amma kubokun finalında hər şey ola bilər".
Qeyd edək ki, mövsümün son oyunu saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Emin Şəmsiyev