Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"CaughtOffside" saytı: "Corcinyo Veynaldum debüt mövsümündəki çətinliklərə baxmayaraq PSJ-də qalmaq istəyir. Futbolçu heç bir təklifə cavab vermək fikrində deyil".
"Daily Mail" nəşri: "Tottenhem" "Sauthempton"dan yarımmüdafiəçi Ceyms Uord-Prauzu transfer etməyi düşünür. Baxmayaraq ki, bu keçid kluba böyük məbləğə başa gələcək, Antonio Konte sözügedən oyunçunu əla transfer variantı kimi görür".
"90 min" saytı: "Kardiff Siti" Qaret Beyl və Aaron Remzini heyətinə qataraq səs-küylü transferlər etmək istəyir. Beyl müqaviləsinin müddəti bitdikdən sonra "Real Madrid"dən ayrılıb. Remzinin isə "Yuventus"la ola sözləşməsinin müddəti bir ildən sonra başa çatacaq".
"El aire libre" nəşri: "Aleksis Sançes yay transfer pəncərəsində "İnter"dən ayrılacaq. Çilili futbolçu uğrunda iki klub mübarizə aparacaq: “Sevilya” və “Qalatasaray”. 33 yaşlı futbolçu İstanbula getməyə üstünlük verir".
Robert Levandovski: “Mən klubdan ayrılıram, çünki həyatımda daha çox emosiyalara ehtiyacım var. Məni ("Bayern Münhen"də - red.) dinləmək istəmədilər. "Barselona"dan aldığımdan başqa hər hansı təklifi nəzərdən keçirməmişəm. Belə bir fikrim də yoxdur".
"Mundo Deportivo" nəşri: "Anxel Di Mariya "Barselona"da oynamaq istəyir. Futbolçu "Yuventus"un təklifinə cavab vermir. Buna səbəb onun "Barsa"dan cavab gözləməsidir".
Mauro İkardi: "Mənim daha iki illik müqaviləm var. Yaxın gələcəkdə karyeramda nə olacağını bilirəm. Jurnalistlərin yazdıqlarına isə fikir vermirəm. PSJ-də qalmaq istəyirəm və buna hazıram. Müxbirlərə nəsə yazmaq lazımdırsa, onda yazın ki, İkardi Hindistana gedir!".
Emin Şəmsiyev