Futbol üzrə Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubu ilə müqaviləsinin müddətini uzadıb.
Fanat.Az Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu sonradan uzadılması şərti ilə, daha bir il komandada çıxış edəcək.
"Ersgebirge" ötən mövsümün yekunlarına əsasən II Bundesliqanı tərk etməli oldu. Komanda yeni mövsümdən Almaniyanın səviyyəcə üçüncü liqasında mübarizə aparacaq. Klubun prezidenti Helge Leonhardt yeni müqavilənin imzalanması ilə bağlı fikirlərini bildirib:
“Dmitri ilə müqavilənin uzadılması komandamızın yeni mövsümlə bağlı əsas planlarından biri idi. Nazarov yüksək futbol keyfiyyətlərinə malikdir. Onun kluba həqiqi sədaqət göstərən ürəyi və beyni var. Ona güvənməyə davam etdiyimiz üçün çox şadam”.
Komandanın baş məşqçisi Timo Rost da Nazarovu komandada saxlaya bildiklərinə görə sevindiyini deyib: "Dimitrinin bizimlə qalmasından çox şadam. Söhbətlərimizdə o, klubumuzun yeni strategiyasında yaxından iştirak edəcəyini, kömək üçün bütün təcrübə və bacarığını əsirgəməyəcəyini mənə çox açıq şəkildə bildirdi".
Mirağa