Fransanın PSJ klubunun futbolçusu Keyra Hamrauyiyə ötən ilin noyabrında hücumu təşkil edən onun keçmiş komanda yoldaşı olub.
Fanat.Az xəbər verir ki, “Le Parisien” qəzeti hadisə ilə bağlı araşdırma aparan Versal polisinin hesabatını açıqlayıb.
Məlum olub ki, hücumu qadın futbolçunun keçmiş komanda yoldaşı Aminata Diallo təşkil edib. O, Hamrauyini karyerasına maneə hesab edib, ona nifrət bəsləyirmiş. Diallonun iki telefonunda axtarış apararkən onun "Jaja" ləqəbli şəxsə göndərdiyi nifrət dolu mesajlar tapılıb. Bundan başqa, Afrika əsilli futbolçu hücumdan bir neçə gün əvvəl Google-də "diz qapağını necə sındırmaq olar" sualını axtarıb.
Hücumda iştirak edən 4 kişi həbs olunub. Onlardan biri 500 avro qarşılığında Hamrauyiyə hücum etmək və ona fiziki xəsarət yetirmək tapşırığı aldığını etiraf edib.
Diallo polis tərəfindən saxlanılsa da, ev dustaqlığına buraxılıb. Bu barədə "RMC Sport"a açıqlama verən zərərçəkmiş Hamrauyi yenidən hücuma məruz qalacağından qorxduğunu deyib: "Mən ədalətə güvənirəm, amma bu gecə üçün çox qorxuram".
Qeyd edək ki, Diallo son iki mövsümü klubu tərəfindən "Utah Royals" və "Atletiko Madrid"ə icarəyə göndərilib. Həm o, həm də hücuma məruz qalan Hamrauyi Fransa yığmasının üzvləridir.
Mirağa