"Fifaqeyt" işində günahlandırılan Salvador Futbol Federasiyasının keçmiş prezidenti Reynaldo Vaskes rüşvət aldığına görə Nyu York məhkəməsi tərəfindən 16 ay həbs cəzasına məhkum edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "The New York Times"ın jurnalisti Ken Bensinger məlumat yayıb.
Mənbənin məlumatına görə, 66 yaşlı futbol funksioneri korrupsiya ittihamlarını boynuna alıb. O, Salvador milli komandasının oynadığı matçlar üçün media və marketinq hüquqlarının daxil olduğu rüşvət maxinasiyasındakı roluna görə utandığını bildirib.
Vaskes Salvador millisinin oyunlarının yayım və marketinq hüquqlarının satışı ilə bağlı 350 min dollara yaxın rüşvət almaqda ittiham olunur.
2009-cu ilin iyunundan 2011-ci ilin iyuluna qədər Salvador futbolunun rəhbəri olan Reynaldo Vaskes həmçinin, 2015-ci ilin noyabrında dünya futbolunda səs-küyə səbəb olan, FİFA-nın keçmiş prezidenti Jozef Blatterin devrilməsiylə nəticələnən "Fifaqeyt" işində günahlandırılır. 2019-cu ilin oktyabrda FİFA onu korrupsiyada təqsirli bilib, futbolla bağlı bütün fəaliyyətlərdən ömürlük uzaqlaşdırıb və 500 min İsveçrə frankı məbləğində cərimələyib.
Vaskes həmçinin, 2017-ci ilin martında öz ölkəsində təqribən 400 min dollar sosial sığorta haqqını mənimsəməkdə ittiham olunaraq 8 il həbs cəzasına məhkum edilib.
Mirağa